1xeber.media xəbər verir ki, Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, bəzi şəxslərin dövlət qulluğu vəzifələrində çalışmasına məhdudiyyət qoyulacaq.
Layihədə digər dövlətin vətəndaşlığını qəbul etmiş və ya başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslərin, din xadimlərinin, həmçinin müəyyən xəstəliklərə görə dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslərin dövlət qulluğu vəzifəsi tuta bilməyəcəyi nəzərdə tutulur.
Bundan başqa, fəaliyyət qabiliyyəti məhkəmə qərarı ilə məhdudlaşdırılmış şəxslər, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olanlar və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmə qərarı qüvvədə olan şəxslər də dövlət qulluğuna qəbul edilməyəcək.
Layihəyə görə, qulluq funksiyalarını yerinə yetirmədiyinə və ya müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə dövlət qulluğuna xitam verilmiş şəxslərin də 6 ay ərzində dövlət qulluğunda vəzifə tutmasına icazə verilməyəcək.
Qeyd edək ki, Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda çalışmaq üçün 65 yaş məhdudiyyəti də saxlanılır.
















