1xeber.media xəbər verir ki,Azərbaycan regional təhlükəsizliyin, nəqliyyat dəhlizlərinin və iqtisadi tərəfdaşlığın möhkəmlənməsi istiqamətində Cənubi Qafqazda yeni reallıqlar yaratmağa davam edir. Ölkənin formalaşdırdığı strateji gündəlik regionun qlobal logistik mərkəzə və etibarlı investisiya məkanına çevrilməsini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regional sülhün qlobal ticarət və investisiya axınına təsirini yüksək qiymətləndirərək bildirib:
"Cənubi Qafqazda formalaşan sülh regional əməkdaşlıq, bağlantılar, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda daha dərin iqtisadi inteqrasiya və şaxələndirməni dəstəkləyir."
Dövlət başçısının bu bəyanatı Cənubi Qafqazda dayanıqlı sabitliyin təkcə siyasi deyil, həm də böyük iqtisadi dividend gətirdiyini nümayiş etdirir. Hazırda regionda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin sinerjisi, yeni logistik xətlərin və beynəlxalq dəniz limanlarının infrastrukturunun genişləndirilməsi qlobal ticarət dövriyyəsini sürətləndirir.
Ekspertlərin fikrincə, təhlükəsiz və proqnozlaşdırıla bilən regional mühit beynəlxalq investorların Cənubi Qafqaza olan etimadını maksimum dərəcəyə çatdırıb. Bu sabitlik region ölkələrinin iqtisadiyyatının şaxələndirilməsinə, rəqəmsal ticarət qovşaqlarının yaradılmasına və irimiqyaslı transmilli investisiya layihələrinin uğurla reallaşdırılmasına birbaşa zəmin yaradır.
















