“Enerji bağlantıları Azərbaycanın regionları, bazarları və iqtisadiyyatları əlaqələndirmək üzrə daha geniş baxışının tərkib hissəsidir”.
1xeber.media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
“Azərbaycan mühüm transregional bağlantı təşəbbüslərinə töhfə vermək, müasir nəqliyyat infrastrukturuna investisiya qoymaq və regional tərəfdaşlarla əməkdaşlığı genişləndirməklə, Avropa ilə Asiya arasında əsas nəqliyyat və logistika qovşağına çevrilib.
2022-ci ildən bəri Orta Dəhliz boyunca yük daşımalarının həcmində təxminən 90% artım qeydə alınıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, Azərbaycanın təşəbbüsü və aparıcı rolu ilə Orta Dəhliz boyunca həyata keçirilən strateji infrastruktur layihələri Asiya ilə Avropa arasında daha davamlı, şaxələndirilmiş və dayanıqlı təchizat zəncirlərinin yaradılmasına kömək edir.
Bu artım, Orta Dəhlizin regional bağlantılar, ticarətin asanlaşdırılması və dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi böyük potensialını nümayiş etdirir.
Bizim bağlantılar gündəliyimiz enerji və nəqliyyat sahələrinin hüdudlarını aşır. Rəqəmsal bağlantılar regional əməkdaşlıq üçün digər mühüm sahədir. Azərbaycan, Rəqəmsal İpək Yolu kimi genişmiqyaslı təşəbbüslər vasitəsilə region boyunca yeni rəqəmsal əlaqələri inkişaf etdirir. Bu layihə Xəzər dənizindən keçməklə müasir fiber-optik şəbəkənin qurulmasını nəzərdə tutur və Azərbaycanın regional rəqəmsal qovşaq və Avropa ilə Asiya arasında əsas keçid kimi rolunu daha da gücləndirir.
Bu kimi daha geniş bağlantılar gündəliyi həmçinin Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturası ilə sıx bağlıdır.
2025-ci il Vaşinqton Sammitinin daha bir mühüm nəticəsi olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”(TRIPP) Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantıların təmin olunmasına xidmət edəcək və Zəngəzur dəhlizinin tərkib hissəsi kimi regional ticarət, iqtisadi inteqrasiya və tərəqqi üçün yeni imkanlar açacaqdır”, - nazir qeyd edib.
















