Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC
regionlarda maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Fermer,
sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə
qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı
məlumatlandırılması məqsədilə keçirilən belə görüşlərdən biri Culfada baş
tutub.
1xeber.media xəbər verir ki,Culfa şəhərində təşkil olunmuş görüşə 30-dək sahibkar və yerli sakin
qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin
direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi
Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin
(RETSİ) rəisi Nərman Mahmudov, Culfa Rayon İcra Hakimiyyətinin
nümayəndəsi Mübariz Möhsünov iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Cənab Prezident İlham
Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata
keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumatlandırılıb.
Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir
yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator
məntəqələri qurulur, yeni dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.
Tədbir iştirakçıları ilə elektron xidmətlər barədə də maarifləndirici söhbət
aparılıb. Onlara xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər
haqqında informasiyalar çatdırılıb.
















