Rusiya hərbi gəmiləri tarixdə ilk dəfə olaraq Şokalski boğazından — Şimal Torpağı (Severnaya Zemlya) arxipelaqını Kara dənizi ilə birləşdirən keçiddən — keçib.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 29-da Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Şimal Donanması komandanının müavini vitse-admiral Oleq Qolubevin rəhbərliyi altında Şimal Donanmasının hərbi gəmiləri və təminat gəmilərindən ibarət dəstə Rusiya Hərbi Dəniz Qüvvələri tarixində ilk dəfə Şokalski boğazından (Şimal Torpağı arxipelaqında Oktyabr İnqilabı adasını Bolşevik adasından ayıran boğaz) keçərək Kara dənizinin sularına daxil olub.
Dəstəyə buz sinfinə aid "İvan Papanin" patrul gəmisi, "Kondopoga" böyük desant gəmisi, "Pamir" xilasetmə yedək gəmisi və "Sergey Osipov" dəniz tankeri daxil idi. Çətin buz şəraiti və çoxsaylı aysberqlər səbəbindən heyətlər müxtəlif sürətlərlə manevr edib, eyni zamanda marşrutun təhlükəsizliyini qiymətləndirmək məqsədilə "İvan Papanin" gəmisindən Ka-29 helikopteri havaya qaldırılıb.















