Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədri İqor Krasnova "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalını təqdim edib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 29-da Moskva şəhərində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Rusiya Ali Məhkəməsinin sədri İqor Krasnov arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin mühüm rolu qeyd olunub. İki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti prinsipləri əsasında inkişaf etdiyi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəminin mövcud olduğu vurğulanıb.
Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Görüş zamanı Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin hüquq təhsili və kadrların peşə hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu xüsusda əlaqələrin genişləndirilməsi, birgə elmi-praktiki tədbirlərin, təlimlərin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv münasibətlərin, möhkəm, etimada əsaslanan və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək keçirilən görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində Kamran Əliyev İqor Krasnova "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalını təqdim edib.















