1xeber.media xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson Ukrayna Prezidenti Volodimir Zelenskinin arxasında Britaniya kəşfiyyatının dayandığını iddia edib.
Conson bu fikirlərini YouTube kanalında yayımlanan çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Ukraynada baş verən münaqişənin başlanmasında Britaniya kəşfiyyatının rolu olub.
“Britaniyalıların, əslində, Ukrayna xalqının başına nə gələcəyi ilə maraqlanmadığını” deyən Conson Londonun Kiyevə dəstək imkanlarının sonsuz olmadığını da bildirib.
Keçmiş CIA analitiki əlavə edib ki, Britaniyanın Ukraynaya yardım imkanları qarşıdakı dövrdə məhdudlaşa bilər.
Conson daha əvvəl ABŞ-ın Ukraynanı sülhə məcbur etmək üçün siyasi iradəsinin olmadığını bildirmişdi. O, Kiyevin Qərbin hərbi sursatından yüksək dərəcədə asılı olduğunu və güzəştə getmək istəməsə belə, müəyyən mərhələdə başqa seçim imkanının məhdudlaşacağını iddia etmişdi.
Consonun Britaniya kəşfiyyatı ilə bağlı son açıqlamaları onun şəxsi mövqeyidir və bu iddiaların müstəqil təsdiqi təqdim edilməyib.
















