Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi “Kon-Lay Project” MMC (VÖEN – 1301807111) olub.
1xeber.media xəbər verir ki, “Kon-Lay Project” MMC Azərbaycan Turizm və Menecment Universitetinin 3-cü korpusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərini hazırlayacaq və qarşılığında 38 min 176 manat 66 qəpik alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “Kon-Lay Project” MMC-nin qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğludur.
Onu da bildirək ki, bu ilin may ayında “Kon-Lay Project” MMC Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi tərəfindən etibarsız təchizatçıların reyestrinə daxil edilib. Agentliyin açıqladığı məlumatda bildirilirdi ki, “Kon-Lay Project” MMC sənədləri saxtalaşdırdığı üçün bir il müddətində – 12.05.2026-cı ildən 12.05.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Daha sonra mətbuatda yer alan məlumatda qeyd edilib ki, “Kon-Lay Project” MMC Agentliyin qərarı ilə razılaşmayaraq Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bakı İnzibati Məhkəməsi isə qərarın icrasının dayandırılması barədə qərardad çıxarıb.
Lakin Agentlikdən mətbuata verilən açıqlamada bildirilib ki, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı dərhal icra edilib və adıçəkilən təchizatçının etibarsız təchizatçılar reyestrinə salınması barədə qərarın icrası dayandırılıb.yeni avaz.com
Bununla belə, sözügedən təchizatçı etibarsız təchizatçılar reyestrindən çıxarılmayıb. Mülki Prosessual Məcəllənin 163.1-ci maddəsinə əsasən, Agentlik tərəfindən məhkəmənin həmin qərardadından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəməsinə şikayət verilib və məhkəmə prosesinin davam etdiyi qeyd olunub.
Məlumat üçün onu da bildirək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 16-cı maddəsinin tələbinə görə etibarsız təchizatçıların reyestrində qalan təchizatçıların satınalmalarda iştirakına yol verilmir.















