Qarşılaşdığımız bir çox qlobal çağırışların yaratdığı çətinliklər və qeyri-müəyyənlik mühiti beynəlxalq münasibətlərdə çoxtərəfliliyə olan inamın zəifləməsinə gətirib çıxarır. Məhz bu səbəbdən AQEM kimi çoxtərəfli təşkilatların əhəmiyyəti daha da artır. Çünki müasir dövrün qarşısında duran məsələlərin heç biri, demək olar ki, yalnız birtərəfli iradə ilə həll edilə bilməz.
1xeber.media xəbər verir ki, bunu Türkiyənin Radyo və Televiziya Üst Şurasının (RTÜK) sədri Mehmet Daniş oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu çərçivəsində təşkil olunan birinci panel iclasda deyib.
O bildirib ki, bəşəriyyətin üzləşdiyi problemlərin həllində AQEM kimi dövlətlərarası əməkdaşlıq mexanizmlərindən daha səmərəli şəkildə istifadə edilməsi böyük əhəmiyyət daşıyır.
"Şübhəsiz ki, aramızdakı qarşılıqlı etimadın və dialoqun möhkəmlənməsi, hədəflənən etimadartırıcı tədbirlər qarşılaşdığımız bir çox çətinliyin aradan qaldırılmasında hamımıza yol göstərəcək. Bu gün Bakıda aparılan müzakirələr məhz bu etimad mühitinin yaradılmasında medianın məsuliyyətini ön plana çəkir", - deyə o qeyd edib.
















