1xeber.media xəbər verir ki, “Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli sərnişinin santexnika ustası olduğu müəyyənləşib.
İsrailin Baş naziri Binyamin Netanyahu hadisə zamanı Yaniv adlı sərnişinin göstərdiyi müdaxilə barədə danışıb. O, Yanivdən silahlı pilotu necə zərərsizləşdirdiyini və təyyarənin sürətli eniş vəziyyətindən çıxarılmasına necə kömək etdiyini soruşub.
Santexnika ustası isə baş verənləri qısa şəkildə izah edərək, “Sadəcə bunu etməli idim”, - deyə cavab verib.
ABŞ Prezidenti Donald Tramp da hadisə ilə bağlı açıqlamasında Yanivin daha əvvəl heç vaxt təyyarə idarə etmədiyini bildirib. Trampın sözlərinə görə, Yaniv tez-tez “Aviaqəzaların araşdırılması” televiziya proqramına baxıb və həmin verilişdən belə vəziyyətlərdə sükanı özünə tərəf çəkməyin lazım olduğunu öyrənib.
Qeyd edək ki, sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərindən İsrailə uçan 174 sərnişin və ekipaj üzvünün olduğu “Flydubai” təyyarəsində ikinci pilot birinci pilota bıçaqla hücum edib.
Hadisə zamanı sərnişinlərin və digər pilotların müdaxiləsindən sonra təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib.
İsrail tərəfi hadisəni terror aktına cəhd kimi qiymətləndirib. Hadisənin səbəbləri və hücumun motivləri ilə bağlı araşdırma davam edir.
















