Oktyabrın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə "Deniz Palace"da 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1xeber.media xəbər verir ki,Lənkəran ŞİH başçısı Beynəlxalq Ahıllar Gününün yaranma tarixi, məqsədi və əhəmiyyətindən danışıb. Bildirilib ki, bu günün təsis edilməsində əsas məqsəd yaşlı insanların hüquqlarına və rifahına diqqətin artırılması, onların cəmiyyətdəki rolunun, həyat təcrübəsinin qiymətləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin olunmasının vacibliyini vurğulamaqdır. Natiqin sözlərinə görə, Beynəlxalq Ahıllar Günü həmçinin nəsillər arasında əlaqələrin və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir. Çünki ahıl insanlar yalnız qayğıya ehtiyacı olan şəxslər deyil, həm də böyük həyat təcrübəsinə, zəngin dünyagörüşünə və mühüm mənəvi dəyərlərə malik olan şəxsiyyətlərdir.
Azərbaycanda ahıl insanlara dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirən icra başçısı bu fəaliyyətin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Ulu Öndər yaşlı insanlara, əmək və müharibə veteranlarına daim diqqət və qayğı göstərib, onların sosial müdafiəsinin təmin edilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Ümummilli Liderin siyasətində insan amili, vətəndaşların sosial rifahı və layiqli həyat şəraitinin təmin edilməsi xüsusi yer tuturdu.
"Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir", – deyən Taleh Qaraşov ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi, pensiyaların və sosial ödənişlərin artırılması, ahıl insanların sosial xidmətlərlə əhatə olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb. Ahıl insanlara diqqət və qayğının artırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən icra başçısı onun təşəbbüsü ilə yaşlı insanların fəal həyat tərzinin dəstəklənməsi, sosial rifahının yaxşılaşdırılması və cəmiyyət həyatında iştirakının artırılması istiqamətində mühüm layihələrin icra olunduğunu bildirib.
Daha sonra Milli Qəhrəman atası Ələkbər Əliyev, Lənkəran Rayon Ağsaqqallar Şurasının üzvü, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın və Lənkəran Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Əlimərdan Əliyev, həkim Savad Abdullayeva və ağsaqqal Musarıza Musayev çıxış ediblər. Natiqlər bildiriblər ki, bu gün ölkəmizdə tənha və sosial xidmətə ehtiyacı olan ahıl şəxslərə müxtəlif xidmətlər göstərilir, onların sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü tədbirlər görülür. Həmçinin qeyd olunub ki, yaşlı nəslin zəngin təcrübəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Çıxış edənlər ahıllara göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Rəsmi hissədən sonra Dağıstan Respublikasının Əməkdar artisti Əliyar Hüseynovun, "Babalar" folklor kollektivinin və yerli sənətçilərin ifasında maraqlı musiqi nömrələri təqdim olunub.
Görüşün sonunda Lənkəran ŞİH başçısı Taleh Qaraşov ahıl şəxslərlə səmimi söhbət edib və onlarla xatirə şəkli çəkdirib.
























