"Donald Tramp hakimiyyətə gələndə və biz onlarla birbaşa təmas qurduqda, sülhə olan sadiqliyimizi bir daha təkrarladıq".
1xeber.media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.
O bildirib ki, həmin vaxtdan bəri onların tərəfindən də daha güclü qarşılıqlı münasibət gördük:
"Sülh gündəliyinizi dəstəkləyirik, nə lazımdırsa bizə bildirin", - dedilər. Biz də bildirdik ki, sizin siyasi nüfuzunuza və ABŞ-nin daha güclü dəstəyinə ehtiyacımız var. Bu prinsiplər əsasında prosesə başladıq və zənnimcə, Prezident Tramp öz siyasi nüfuzunu bu prosesə qoydu".
Prezidentin köməkçisi Azərbaycanın yaşıl gündəliyindən danışıb:
"Biz iqlim diplomatiyasını tam dəstəkləyirik, baxmayaraq ki, bu bizim üçün yeni mövzudur. Karbohidrogen ixracatçısı olan Azərbaycan, eyni zamanda, yaşıl enerji transformasiyasını fəal şəkildə dəstəkləyir və biz yaşıl texnologiyaya əsaslanan elektrik enerjisi ixracatçısına çevrilirik.
Həmçinin Mərkəzi Asiyanın potensialı ilə Azərbaycanın potensialını birləşdirərək, bu elektrik potensialını Avropa qitəsinə çatdırırıq. Yaşıl enerjiyə dayanan strateji düşüncəmiz ondan ibarətdir ki, Avropa rəqəmsal transformasiya və süni intellektin inkişafı məqsədlərini müəyyən edib. Lakin bunlar böyük həcmdə elektrik enerjisi tələb edir və Avropa bu qədər enerjini özü istehsal etmək iqtidarında deyil. Bu baxımdan Xəzər regionu Şimal dənizi ilə rəqabət apara biləcək gücdədir.
Burada rəqabətdən çox, bir-birini tamamlamaqla Avropa bazarına zəruri olan əlavə enerji resurslarını çatdırmaqdan söhbət gedir. Lakin yaşıl fanatizmi bir kənara qoysaq, karbohidrogenlər olmadan tam enerji təhlükəsizliyini təmin etmək mümkün deyil. Azərbaycan burada ümumavropa enerji tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyini təmin edir. Avropa qitəsindəki 16 ölkə, o cümlədən Aİ-nin 10 üzv ölkəsi Azərbaycandan qaz idxal edir. Biz bu gündəliyi genişləndirməyi səbirsizliklə gözləyirik".

















