O, lidersiz bir ölkənin süqutun bir addımlığında, torpaqlarında yağı düşmənin at oynatdığı,
vətəndaşların düşmənə deyil, bir-birinə silah tuşladığı, qardaş qanının axdığı bir dövrdə, millətin qanı
bahasına qazandığı müstəqilliyin əldən getmək üzrə olduğu bir zamanda Azərbaycana sahib çıxdı. Xalq
o vaxta qədər sahibsiz, taleyin ümidinə buraxılmış, sabahına inamını itirmişdi. Xalqın içindən çıxmış,
hər zaman xalqla bir olmuş və zamanla özü bir tarixə çevrilmiş böyük şəxsiyyət Heydər Əliyev məhz
belə bir lider idi. Onun siyasi səhnədən uzaqlaşdırılması ölkənin taleyində ağır izlər buraxdı. Məhz bu
yoxluq təqvimimizə ümumxalq hüzn günü kimi anılan faciəli tarixləri yazdı. O günlərin ağrısı və acısı
millətin yaddaşında dərin izlər buraxdı, xalqın qəlbində sağalmaz yaralara çevrildi. Kim bilir əgər Heydər
Əliyev olmasaydı, daha hansı faciələrlə üz-üzə qalacaqdıq?
Müstəqilliyin ilk illərində Azərbaycana baxmaq əslində bir xalqın fəlakətə sürüklənməsini izləmək
demək idi. Ölkənin daxili və xarici siyasəti tamamilə iflasa uğramışdı. Dövlət idarəçiliyində xaos hökm
sürür, rəhbərlik ölkəni idarə etmək gücündən məhrum idi. Azərbaycan beynəlxalq aləmdə zəif, təsirsiz
və yönsüz bir dövlət kimi tanınırdı. Sosial narazılıq getdikcə artır, separatçı meyllər güclənirdi.
İdarəolunmaz silahlı birləşmələr, başıpozuq hərbi dəstələr və qardaş qırğını xalqın səbrini son həddə
çatdırmışdı. Ümidlərin tək ünvanı Heydər Əliyev idi! Xalq onu gözləyirdi, meydanlara axışan kütlə onun
adını səsləyirdi, qəlblər onun dönüşünü arzulayırdı. Siyasi xaosun, parçalanmanın, qardaş qanının
girdabında boğulan xalqın gözləri Naxçıvana dikilmişdi. Nəhayət, gəlişi ilə xilas məhz o anda başladı.
Heydər Əliyev xalqın çağırışına cavab verdi, tarix səhnəsinə bir daha və bu dəfə də qətiyyətlə çıxdı!
Onun qayıdışı ölkənin yenidən nəfəs alması, xalqın boğulmaqdan xilas olması, dövlətçiliyin uçurumun
dibindən geri çəkilməsi kimi yaddaşa hopdu. Heydər Əliyevin qayıdışı ilə köklü dəyişiklik başladı. Siyasi
xaosun yerini sabitlik, parçalanmanın yerini milli həmrəylik tutdu, xalq yenidən söz sahibinə çevrildi.
Ölkədə sabitliyi və qanunun aliliyini təmin edən Ulu öndər Heydər Əliyev həm də xarici siyasət
kursunu köklü şəkildə dəyişdi. Azərbaycanı təcrid olunmuş qeyri-müəyyən bir ölkə statusundan
çıxararaq beynəlxalq arenada söz sahibi olan, etibarlı tərəfdaş kimi tanıtdı, yeni xarici siyasət
konsepsiyası qurdu. Eyni zamanda, ölkədə sosial ədalətin təmin olunması istiqamətində ciddi addımlar
atdı. Cəmiyyətin bütün təbəqələrini əhatə edən islahatlar həyata keçirildi. Əhalinin rifahı, hüquq və
azadlıqların qorunması, vətəndaş cəmiyyətinin formalaşması dövlət siyasətinin prioritet istiqamətlərinə
çevrildi. Heydər Əliyev xalqın iradəsini təmsil edən demokratik prinsiplərə əsaslanan prezident
seçkilərinin keçirilməsini təmin etdi. Siyasi proseslərə şəffaflıq gətirildi, dövlət idarəçiliyi sistemli və
məsuliyyətli bir çərçivəyə salındı, yeni siyasi mərhələnin əsası qoyuldu.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan üçün adi bir seçki deyil,
dəyişimin başlanğıcı oldu. Xalqın seçimi aydın və qəti idi. Bu tarixi seçkidə dünya bir daha əmin oldu ki,
Heydər Əliyev inamın, etibarın rəmzidir. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalq
Heydər Əliyevi seçməklə onun liderliyi ilə yıxılmayan Azərbaycana səs verdi. Oktyabrın 10-da Heydər
Əliyev prezidentlik səlahiyyətlərini rəsmi olaraq üzərinə götürdü. Həmin gündən ölkədə siyasi nizam
qurulmağa, idarəetmədə sistemlik yaranmağa başladı. Ölkə nəhayət ki, nəfəs aldı. İnsanlar yalnız
sabitlik deyil, inkişaf və etibarlı gələcək gözləyirdi və bu gözləntilər cavabsız qalmadı. Onun rəhbərliyi
ilə Azərbaycan tədricən ayaqları üzərində dayanmağa, regionda söz sahibi olmağa başladı. Birmənalı
şəkildə Ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirməklə millət öz yolunu tapdı. Bu yolla biz
müstəqilliyimizi möhkəm təməllər üzərində qurduq, güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu
yaratdıq. Azərbaycan regionun super gücünə, dünyanın hesablaşdığı bir ölkəyə çevrildi. Bu yolla biz
Vətəni birləşdirdik, tariximizin ən qüdrətli Azərbaycanını dünyaya tanıtdıq.
Məhz buna görə də adını sevgi və ehtiramla çəkdiyimiz Ümummilli lider Heydər Əliyev hər
birimiz üçün əziz, unudulmaz və əvəzsiz bir şəxsiyyətdir. Xalqın taleyinə bir ad yazılır, o ad illərlə yox,
nəsillərlə yaşayır. Dünya çox liderlər görüb, tanıyıb, amma xalqının ruhuna bu qədər dərindən nüfuz
edən lider yalnız bir dəfə doğulub. Bu nümunəni bəşər üçün böyük Heydər Əliyev yarada bildi!
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

















