1xeber.media xəbər verir ki, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbekov Xəzər dənizində keçirilən təlim zamanı 14 hərbçinin həlak olması ilə bağlı cinayət işi çərçivəsində həbs edilib.
Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Niyazbekov xidməti vəzifələrinə səhlənkar yanaşmaqda şübhəli bilinir. O, əvvəlcə saxlanılıb və müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib, daha sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.
Hadisə sentyabrın 24-də Qazaxıstanın Mangistau vilayətində keçirilən hərbi təlimlər zamanı baş verib. Əlverişsiz hava şəraiti səbəbindən 17 hərbçi dənizə aparılıb. Onlardan yalnız üçü xilas edilib, 14 hərbçi isə həlak olub.
Faciədən sonra daha beş yüksək rütbəli hərbçi saxlanılıb. Onların arasında Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini, iki hərbi hissə komandiri, dəniz piyadaları bölüyünün komandiri və kater komandiri də olub.
Niyazbekov oktyabrın 3-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilmişdi. Hadisə ilə bağlı aparılan araşdırmada təlimlərin planlaşdırılması, təhlükəsizlik tədbirləri və hava şəraitinin risklərinin düzgün qiymətləndirilməsi də araşdırılır.
















