Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək.
1xeber.media xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq.
Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.
Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq və Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.
Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
***
Vüsal Qələndərzadə rəqibinə ipponla qalib gəlib.
***
Zelim Tçkayev rəqibinə ipponla qalib gələrək növbəti mərhələyə adlayıb.
***
Ömər Rəcəbli də rəqibini ipponla məğlub edib.
***
Vüsal Qələndərzadə 1/16 finalda estoniyalı Saad Dikayevlə üz-üzə gəlib. O, ikinci görüşündə də ipponla qalib gəlib.
***
Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib. O, 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevi məğlub edib.
***
Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qalib gələrək 1/4 finala adlayıb.















