Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Tədbirdə iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələr arasındakı strateji əlaqələrin yüksək səviyyəsini xüsusi diqqətə çatdırıb.
Dövlət başçısı bildirib ki, tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə söykənən Azərbaycan-Türkmənistan münasibətləri hər iki tərəfin qarşılıqlı iradəsi sayəsində son illərdə dinamik şəkildə inkişaf edir. Ötən ildən bəri ali səviyyədə artıq beş yüksəksəviyyəli qarşılıqlı səfərin həyata keçirildiyini vurğulayan Prezident, bunun siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri gücləndirmək yolundakı qarşılıqlı istəyimizi nümayiş etdirdiyini bildirib.
Prezident İlham Əliyev, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində məscidin inşasını qardaş ölkənin Azərbaycana mühüm bir hədiyyəsi və mənəvi yaxınlığın növbəti nümunəsi kimi yüksək qiymətləndirib.















