Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb.
1xeber.media xəbər verir ki, görüşdə Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksək səviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Prezident İlham Əliyev ilə keçirilmiş görüşün və prezidentlərin görüşü zamanı qəbul edilmiş birgə bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafına mühüm impuls verəcəyi qeyd olunub.
Laos Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakı qeyd olunub.
Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi dövründə AQEM-in institusional inkişafı, yeni əməkdaşlıq platformalarının yaradılması və praktiki təşəbbüslərin irəli sürülməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, humanitar, minatəmizləmə və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.














