“Məktəblilərin vahid geyim forması ilə bağlı dövlətin verdiyi qərar icra olunmalıdır. Bu müzakirə edilə bilməz. Axı, bu nə oyundur? Nə hoqqa çıxardılar? Uşaq məktəbə getməlidir və təhsil ocağının da uyğun geyim forması olmalıdır”.
Bunu Ölkə.az-a açıqlamasında tanınmış aktyor, kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Onun fikrincə, vahid məktəbli formasının tətbiqi həm də sosial bərabərliyi təmin edir: “Çünki Azərbaycanda müxtəlif təbəqələrdən olan insanlar var. İmkanlı şəxslərin uşaqları məktəbə bahalı avtomobillərdə, geyimlərdə gəldiyi halda, kasıb balaları avtobusda çətinliklə, basırıqda gəlir. Biz uşaqlarımızı müəyyən çərçivədə, milli və vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Bunun üçün ilk növbədə məktəbdə sosial qeyri-bərabərlik ortadan qaldırılmalıdır. Həmin məsələnin də ən gözəl nümunəsi məktəbli geyiminin standart formada olmasıdır”.
Ə.Mahmudbəyov əlavə edib ki, belə bir praktika təkcə Azərbaycanda deyil, dünyanın aparıcı dövlətlərinin hamısında var: “Vahid məktəbli forması uşaqların düzgün tərbiyə olunmasında, ayrı-seçkiliyə son qoyulmasında ən yaxşı vasitələrdən biridir”.
Vahid məktəbli geyiminin hicabla və dinlə əlaqələndirilməsinə gəlincə, Xalq artisti bildirib ki, bunun dinə heç bir aidiyyatı yoxdur:
“Nə üçün bunu aparıb dinə bağlayırlar, başım çıxmır. Burada məktəbdən, orta təhsildən, uşaqları müstəqil həyata hazırlamaqdan söhbət gedir. Din bizim inancımızdır, bu, öz yerində. Bunun hicaba nə dəxli var ki… Bu, məktəbdir. Söhbət məktəbli uşaqların vahid geyim formasından gedir ki, heç bir ayrı-seçkilik hiss olunmasın.
Bir də dövlət qərar qəbul eləyib, dövlətin qərarı müzakirə olunmur, icra edilir. Bunu aparıb dinlə bağlamaq, siyasiləşdirmək, şou-filan düzəltmək lazım deyil. Allaha şükür, dinimiz də var, müsəlmanıq. Təriqətlərimiz də var. Hətta hərə özünə bir təriqət də yaradıb. İslamı parçalamaq üçün oyunlar gedir. Vahid məktəbli forması məsələsindən şou düzəltmək istəyirlər, olmaz. Orta mətkəb müqəddəs yerdir. Ailədən başlayan tərbiyə məktəbdə davam edir, uşaqlar fomalaşır, dəyərləri öyrənirlər. Odur ki, bu siyasi şounu yığışdırmaq, balalarımızın gələcəyi haqqında düşünmək lazımdır”.
Kinorejissor müəllimlərin də vahid geyim standartlarının olmasını dəstəkləyir. Onun fikrincə, bu sahədə səliqə-sahman yaratmağın vaxtı çoxdan çatmışdı.
“Məktəbdə elə müəllimlərə rast gəlirdim ki, heç şou biznesin xanımları onlar qədər bər-bəzəkli geyinə bilmirdilər”, - Xalq artisti vurğulayıb.














