Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən rayonun Binə qəsəbəsində yerləşən 121 və 136 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdləri və valideynləri ilə görüş keçirilib.
1xeber.media xəbər verir ki, görüşdə şəhid ailələrinin üzvləri, din xadimləri, ağsaqqallar, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Binə Bələdiyyəsinin sədri və sözügedən məktəblərin direktorları iştirak edib.
Görüş zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydalarına riayət olunması, bu sahədə vahid yanaşmanın təmin edilməsi və müvafiq normativ hüquqi aktların tələblərinin izahı ilə bağlı məsələlər müzakirə edilib.
Bu çərçivədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında 2026-cı il 21 sentyabr tarixli Qərarın mahiyyəti və əhəmiyyəti sakinlərin diqqətinə çatdırılıb. Bildirilib ki, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyinə riayət etməsi, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi təhsil müəssisələrində vahid yanaşmanın və nizam-intizamın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in müddəaları barədə məlumat verilib. Qeyd olunub ki, təhsilverənlərin geyimi müəyyən edilmiş tələblərə uyğun olmalı, onların əmək funksiyalarının icrasına maneə yaratmamalı, tədris prosesində isə məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional geyimlərdən istifadə edilməlidir.
Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsi mütəmadi olaraq davam etdirilir.




















