Xətai rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
1xeber.media xəbər verir ki, əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr və qarşıda duran prioritet məsələlər barədə ətraflı danışıb. O, Azərbaycanın müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, ölkənin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi, iqtisadi və hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə öz mövqelərini daha da möhkəmləndirib, ölkənin iqtisadi potensialı və müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə güclənib.
Rafiq Quluyev çıxışında əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, sosial və iqtisadi inkişafın davamlılığının təmin olunması istiqamətində görülən işlərə toxunub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrinin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi milli-mənəvi dəyərlərin qorunmasının, milli həmrəyliyin və dövlətçilik düşüncəsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Rayon rəhbəri xüsusilə gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin, uşaqların və gənclərin zərərli kənar təsirlərdən qorunmasının mühüm vəzifələrdən biri olduğunu bildirib. İdeoloji və maarifləndirmə işinin formal xarakter daşımamalı, konkret nəticələrə yönəlməli olduğunu vurğulayıb. Bu istiqamətdə təhsil müəssisələrinin, dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, ziyalıların və ağsaqqalların birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib. Rafiq Quluyev Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin ardıcıl və məsuliyyətlə yerinə yetirilməsinin hər bir dövlət qurumunun və cəmiyyət üzvünün qarşısında duran əsas vəzifələrdən olduğunu bildirib.
Çıxışının sonunda rayon rəhbəri qeyd edib ki, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, milli birliyimizin və həmrəyliyimizin gücləndirilməsi, ölkəmizin davamlı inkişafının təmin olunması ümumi məqsədimizdir və bu istiqamətdə hər bir kəs öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir.
Məruzə ətrafında çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində müəyyən etdiyi strateji hədəflərin əhəmiyyətindən danışıb. O, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsinə, ölkənin beynəlxalq nüfuzunun artmasına və milli birliyin daha da güclənməsinə xidmət etdiyini bildirib. Ramil Mirzəyev qarşıya qoyulan vəzifələrin icrasında Yeni Azərbaycan Partiyasının üzərinə düşən məsuliyyətə toxunaraq, partiya üzvlərinin dövlətçilik prinsiplərinin təbliği, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini qeyd edib.
Çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizin inkişafında və əldə olunan uğurların təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, dövlətimizin əldə etdiyi nailiyyətlərin qorunmasının, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin, gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd edib.
Digər çıxış edənlər qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti dərk etməsinin və dövlətimizin gələcək inkişafına öz töhfəsini verməsinin əhəmiyyətindən danışıblar.

















