Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılmasını məqsədəuyğun hesab edib.
1xeber.media xəbər verir ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının müstəqillik dövründə bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb.
Onun əsas dövlət ordenləri arasında “İstiqlal”, “Şərəf”, “Şöhrət” və “Heydər Əliyev” ordenləri var.
Mehdiyev 2008-ci ildə “İstiqlal”, 2013-cü ildə “Şərəf”, 2018-ci ildə “Şöhrət” ordenləri ilə təltif edilib. 2019-cu il oktyabrın 23-də isə dövlət idarəçiliyi və elmin inkişafı sahəsində uzunmüddətli xidmətlərinə görə “Heydər Əliyev” ordeninə layiq görülüb.
Onun təltifləri yalnız Azərbaycan ordenləri ilə məhdudlaşmır. Mehdiyevin SSRİ-nin “Qırmızı Əmək Bayrağı”, Rusiya Federasiyasının “Dostluq” və “Şərəf” ordenləri, eləcə də müxtəlif medallarla təltif edildiyi bildirilir. Xarici dövlətlərin verdiyi ordenlərin taleyi isə həmin ölkələrin qanunvericiliyindən asılıdır.
Ramiz Mehdiyev 2021-ci ilin dekabrında Nizami Gəncəvi adına Qızıl medalla da təltif olunub.
Təltiflər hansı halda geri alına bilər?
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxs məhkum edilərkən məhkəmə onun dövlət təltifindən məhrum edilməsinə qərar verə bilər.
Əgər təltif Prezident tərəfindən verilibsə, məhkəmə məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilməsi barədə qərar qəbul edə bilər. Bu səbəbdən ordenlərin geri alınması üçün qanunda nəzərdə tutulan hüquqi prosedur həyata keçirilməlidir.
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlər, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur. Onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır və məhkəmə prosesi qapalı keçirilir.
Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra hüquqi qaydada həll edilə bilər.














