Mingəçevir və Zərdabın keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babayevin 2 milyon manatlıq əmlakının ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir.
1xeber.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayeva şahid qismində ifadə verib.
R.Babayeva oğlunun aldadıldığını və əmlakının ələ keçirildiyini bildirib. O, əsasən təqsirləndirilən Ehtiram Kərimovdan şikayətçi olduğunu deyib və onun hadisədə əsas rol oynadığını qeyd edib.
Digər təqsirləndirilən Aruz Əliyevlə bağlı isə R.Babayeva onun ailənin həkimi olduğunu və uzun müddətdir tanıdıqlarını bildirib. Onun sözlərinə görə, Babəli bir çox məsələdə Aruz Əliyevlə məsləhətləşib və ona güvəndiyi üçün əmlakın idarə olunması ilə bağlı etibarnamə verib. Əmlakın satıldığını isə sonradan öyrənib.
İttihama görə, Babəli Babayevin 1 milyon manat vergi borcu olub. Aruz Əliyev və Ehtiram Kərimovun ona vergini ödəmək əvəzinə ölkədən getməyi məsləhət gördükləri bildirilir. Daha sonra Babəlinin Türkiyəyə getməsi təşkil olunub.
İstintaqın versiyasına əsasən, Babəli ölkədən çıxdıqdan sonra əmlaklarını idarə etmək üçün həmin şəxslərə etibarnamə verib. Aruz Əliyev və Ehtiram Kərimovun isə ev və digər əmlakı 2 milyon manata sataraq əldə olunan vəsaiti öz maraqları üçün xərclədikləri iddia olunur.
Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmirlər.














