Azərbaycanda ödənişli avtomobil yollarında sürücülərin keçid və ödəniş prosesinin avtomatlaşdırılması üçün yeni texnologiyanın tətbiqi nəzərdən keçirilir.
1xeber.media xəbər verir ki, “Azericard” şirkətinin baş direktorunun müavini Zakir Əhmədovun sözlərinə görə, ödənişli yollarda avtomobillərin dövlət qeydiyyat nişanlarının kameralar vasitəsilə tanınması və ödənişin avtomatik tutulması mexanizmi üzərində iş aparılır.
Sistem tətbiq edilərsə, kamera avtomobilin nömrəsini tanıyacaq, sürücü məntəqədə dayanmadan yoluna davam edəcək və ödəniş avtomatik həyata keçiriləcək.
“Azericard”ın hazırladığı “Tez ödə” həllinin parkinq və yanacaqdoldurma məntəqələri kimi sahələrdə də istifadəsi nəzərdə tutulur. Avtomatik ödəniş texnologiyası 2019-cu ildən Heydər Əliyev Beynəlxalq Aeroportunun parkinqində tətbiq edilir. Burada avtomobilin nömrəsi kamera ilə tanınır və nömrəyə bağlı bank kartından ödəniş tutulur.
Şirkət üz tanıma vasitəsilə ödəniş sistemi üzərində də işləyir. “SİMA” ilə əməkdaşlıq çərçivəsində hazırlanan bu texnologiya ilə müştərinin üzü kamera vasitəsilə tanınaraq ona bağlı bank kartından ödənişin tutulması mümkün olacaq.
“Azericard” hazırda 15 bank və fintex təşkilatına xidmət göstərir. Şirkətin məlumatına görə, ötən il təxminən 1,5 milyard əməliyyat emal edilib və onların ümumi məbləği 120 milyard manat ətrafında olub.















