1xeber.media xəbər verir ki, Azərbaycan 2026-cı ilin yanvar-sentyabr aylarında 17,99 milyard kubmetr təbii qaz ixrac edib. İxracın ümumi dəyəri 6 milyard 448,7 milyon dollar olub.
Ötən ilin eyni dövründə isə 18,53 milyard kubmetr qaz 6 milyard 698,6 milyon dollar dəyərində ixrac edilmişdi. Bu il qaz ixracı həcm baxımından 2,9%, dəyər baxımından isə 3,7% azalıb.
Hesablamalara əsasən, Azərbaycanın ixrac etdiyi qazın 1 000 kubmetrinin orta statistik qiyməti 358,38 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 361,54 dollar olub. Beləliklə, orta ixrac qiyməti 0,9% aşağı düşüb.
Qazın Azərbaycanın ümumi ixracındakı payı da azalıb. 2025-ci ilin ilk 9 ayında bu göstərici 36%, 2026-cı ilin eyni dövründə isə 27,02% olub. Ölkənin ümumi ixracı isə 28,3% artaraq 23,86 milyard dollara çatıb.
Bu dövrdə Azərbaycanda 37,52 milyard kubmetr təbii qaz hasil edilib. Hasilat illik müqayisədə 0,7% azalıb. Əmtəəlik qaz hasilatı isə 28,58 milyard kubmetr təşkil edib.
Avropada isə qaz qiymətləri yüksəlib. Niderlandın TTF qaz habında fyuçerslərin qiyməti oktyabrın 16-da 87,55 avro/MWh olub. Bu, 1 000 kubmetr üçün təxminən 919,3 avro deməkdir. Oktyabrın 9-da qiymət 855 avro civarında idi. Bir həftə ərzində artım 7,5% təşkil edib.
Avropada qiymət artımına Yaxın Şərqdəki hərbi münaqişə, LNG tədarükündə məhdudiyyətlər, Hörmüz boğazında daşımaların pozulması və qaz anbarlarındakı ehtiyatların aşağı səviyyədə qalması təsir göstərir.















