“SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində İnklüziv Təlim və Tədris Mərkəzi yaradılıb.
1xeber.media xəbər verir ki, açılış mərasimində Alyona Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov, Milli Məclisin deputatı Soltan Məmmədov, eləcə də dövlət qurumlarının, layihə tərəfdaşlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova çıxışında təşkilatın autizmli şəxslərə və onların ailələrinə dəstək göstərdiyini, bu sahədə maarifləndirmə işləri apardığını bildirib.
“SkillBridge” layihəsinin rəhbəri Həzi Eynalov yeni mərkəzin əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini qeyd edib. Bildirilib ki, mərkəzdə dörd emalatxana müasir avadanlıqlarla təchiz olunub, inklüziv təhsil mühitinin yaradılması üçün müvafiq şərait qurulub. Burada qrafik dizayn, veb-dizayn və proqram təminatı, interyer və eksteryerin bədii tərtibatı, ağac nəqqaşlığı, eləcə də satış və nəzarətçi-xəzinədarlıq istiqamətləri üzrə təlimlərin təşkili nəzərdə tutulur. Bundan başqa, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən emalatxanada neyromüxtəlifliyi olan gənclər üçün qənnadçı-şirniyyatçı, barista və kargüzarlıq istiqamətləri üzrə praktiki təlimlər keçirilir. Layihə çərçivəsində ümumilikdə 200 nəfərin qiymətləndirilməsi, 100 nəfərin təlim proqramlarına cəlb olunması və ən azı 60 nəfərin məşğulluğunun təmin edilməsi hədəflənir.
Daha sonra layihənin məqsədlərini və mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında təhsilin inkişafının, uşaqlar üçün bərabər imkanların yaradılmasının və inklüziv təhsilin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bütün uşaqların təhsil alması üçün zəruri şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, inklüziv təhsildə fiziki maneələrin aradan qaldırılması ilə yanaşı, məzunların praktiki bacarıqlarının inkişaf etdirilməsinin və əmək bazarına inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı inklüziv peşə təhsilinin hər kəsin potensialının üzə çıxarılması və cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2023–2026-cı illərdə peşə təhsili müəssisələrində əlilliyi olan şəxslər üçün 5 mindən çox təhsil imkanı yaradılıb, cari tədris ilində bu kateqoriyadan olan şəxslərin qəbulu 2023-cü illə müqayisədə 40 faiz artaraq 1400 nəfərə çatıb. Direktor əlavə edib ki, yeni mərkəz peşə təhsilinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, əldə olunan bacarıqların real məşğulluğa çevrilməsinə də töhfə verəcək.
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov və Milli Məclisin deputatı Soltan Məmmədov da çıxış ediblər.
Neyromüxtəlifliyi olan iki gənc öz həyat hekayələrini bölüşüb. Onların çıxışlarında peşə bacarıqlarının inkişafının və inklüziv təhsilin müstəqil həyata hazırlıqda rolu diqqətə çatdırılıb.
Tədbirin sonunda qonaqlar İnklüziv Təlim və Tədris Mərkəzinin fəaliyyəti, yaradılmış şərait və emalatxanalarla tanış olublar. Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, “SkillBridge – İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir. Layihə əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və inklüziv əmək bazarının formalaşmasına dəstək göstərməyi hədəfləyir.



















