Azərbaycanda dövlət qurumlarının informasiya sistemlərinə qarşı son günlər həyata keçirilən genişmiqyaslı kiberhücumların məqsədi açıqlanıb.
1xeber.media xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzovun sözlərinə görə, hücumların əsas məqsədi informasiya sistemlərinin fəaliyyətini dayandırmaq və vətəndaşların elektron xidmətlərə çıxışını məhdudlaşdırmaqdır.
Nadir Novruzov bildirib ki, son bir həftə ərzində dövlət qurumlarına, onların informasiya resurslarına və sistemlərinə qarşı genişmiqyaslı hücumlar müşahidə olunur. Hücumların əsas hissəsi DDoS xarakterlidir.
Onun sözlərinə görə, böyük həcmli DDoS hücumlarında dünyanın müxtəlif yerlərində yoluxdurulmuş cihazlardan ibarət botnet şəbəkələrindən istifadə edilir. Buna görə də hücumların konkret hansı ölkədən təşkil edildiyini müəyyənləşdirmək çətindir.
Rəsmi məlumatlara görə, oktyabrın 13-dən etibarən Azərbaycan dövlət informasiya infrastrukturunda 100-dən çox dövlət domenini hədəf alan kiberhücum qeydə alınıb. Hücum nəticəsində bəzi dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yaranıb.
Nadir Novruzov qeyd edib ki, hazırda əsas diqqət yalnız kibertəhlükəsizliyə deyil, kiberdayanıqlılığa yönəlib. Məqsəd mümkün hücumların vaxtında aşkarlanması, zərərin minimuma endirilməsi və sistemlərin qısa müddətdə bərpa olunmasıdır.














