1xeber.media xəbər verir ki, Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü Anahit Adamyan ölkənin dəmir yollarının Rusiyanın idarəçiliyində qalmasının regional nəqliyyat layihələrinə mane ola biləcəyini bildirib.
Adamyanın sözlərinə görə, dəmir yollarının Rusiya tərəfindən idarə olunması prosesləri ləngidə və Moskvanın Ermənistan üzərindəki təsir imkanlarını artıra bilər. O hesab edir ki, bu vəziyyət ABŞ Prezidenti Donald Trampın adı ilə bağlı olan “Tramp marşrutu” layihəsinə də maneə yarada bilər.
Siyasətçi Rusiyanın Ermənistan üzərində bir sıra təsir vasitələrinə malik olduğunu deyib. O, Gürcüstanla sərhəddə yerləşən Lars keçid məntəqəsini və kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı məhdudiyyətləri nümunə göstərib.
Adamyanın fikrincə, dəmir yolunun və Atom Elektrik Stansiyasının Rusiyanın təsir dairəsində qalması Moskvanın siyasi təzyiq imkanlarını genişləndirə bilər.
Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə də toxunan siyasətçi bildirib ki, Rusiya sərhədçiləri Ermənistan ərazisində olduğu müddətdə Türkiyə ilə sərhədin açılması mümkün olmayacaq.
Qeyd edək ki, bunlar Anahit Adamyanın siyasi qiymətləndirmələri və mövqeyidir.















