1xeber.media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallı rayonunda çağırışçıların hərbi xidmətə yola salınması mərasimi və gənclər üçün maarifləndirici görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Masallı şəhidlərinin xatirəsinə ucaldılmış “Qəhrəmanlar parkı – Şəhidlər abidə kompleksi”ni ziyarət edərək abidələrin önünə gül dəstələri qoyublar.
Daha sonra rayonun çağırışçıları müddətli həqiqi hərbi xidmətə təntənəli mərasimlə yola salınıblar. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Dövlət Xidmətinin nümayəndələri, rayon ictimaiyyətinin üzvləri, valideynlər və digər qonaqlar iştirak ediblər. Çağırışçılar Vətənə layiqli xidmət edəcəklərinə söz veriblər.
Proqram çərçivəsində “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş də təşkil olunub. Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verdiyini vurğulayıb.
Dövlət Xidmətinin nümayəndələri gənclərə hərbi xidmətin əhəmiyyəti, sağlam həyat tərzi, təhsil möhləti, müvafiq qanunvericilik və rəqəmsal xidmətlər barədə məlumat veriblər. “MyGov” rəqəmsal hökumət platformasının imkanları da diqqətə çatdırılıb.
Görüşdə zərərli vərdişlərə qarşı mübarizə mövzusuna toxunulub, “Narkotiklərə yox deyək!” çağırışı ilə maarifləndirici çıxışlar edilib. Vətən müharibəsi iştirakçıları da tədbirdə çıxış edərək öz təcrübələrini və təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, bu cür tədbirlərin Azərbaycanın digər rayonlarında da keçirilməsi və növbəti aylarda davam etdirilməsi planlaşdırılır.

























