1xeber.media xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin keçmiş maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov barəsində məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların məhkəmə araşdırması zamanı təsdiqini tapdığını bildirib.
Prokuror Raqif Abbasov və Eldəniz Qulamovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinmələrini və hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin azadlıqda olan təqsirləndirilən şəxslərin məhkəmə zalında həbs olunması tələb edilib.
Hakim Eldar İsmayılov müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verib.
Qeyd edək ki, hər iki şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. İttihama əsasən, onların əməlləri nəticəsində Gənclər və İdman Nazirliyinə 800 min manat ziyan dəyib. Həmin məbləğin 100 min manatının Raqif Abbasov tərəfindən ödənildiyi bildirilir.
Məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.















