1xeber.media xəbər verir ki, 2026–2027-ci illərin payız-qış mövsümündə əhalinin mövsümi qripdən qorunması məqsədilə ölkəyə qripə qarşı vaksinlər gətirilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, nazirin müvafiq əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiya prosesinə 21 oktyabr 2026-cı il tarixindən başlanılması nəzərdə tutulur.
Qripin ağırlaşmaları baxımından yüksək risk qrupuna daxil olan şəxslərə peyvənd olunmaq tövsiyə edilir. Bu qrupa səhiyyə işçiləri, hamilə qadınlar, eləcə də altı aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslər daxildir.
Nazirlik qeyd edib ki, mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və mümkün ağırlaşmaların qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir.
Vaksinasiya ödənişsiz həyata keçiriləcək. Vətəndaşlar peyvəndi yaşayış və ya iş yerləri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində vurdura bilərlər.
Səhiyyə Nazirliyi əhalini profilaktik tədbirlərə əməl etməyə və vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.















