Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirilib
1xeber.media xəbər verir ki,müşavirədə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, RİH başçısının müavinləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, idarə, müəssisə və təşkilatların əmək kollektivi, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni giriş nitqi ilə açan Siraqəddin Cabbarov qeyd edib ki, 2 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra baş tutan ilk qurultay kimi şanlı tariximizin növbəti parlaq səhifəsinə çevrildi. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ağır ictimai-siyasi şəraitin doğurduğu tarixi zərurətdən meydana gəlmişdi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması sıradan bir siyasi təşkilatın təsis olunması deyil, cəmiyyətin güclü dövlətçiliyə, milli maraqları əsas götürən siyasi xəttə olan dərin tələbatının real ifadəsi idi. Beləliklə bu Qurultay bir daha hər kəsə bəyan etdi ki, Azərbaycan xarici siyasətini heç bir dövlətin daxili işlərə qarışmasına imkan verməyəcək şəkildə qurur. Dövlət başçsının Strategiyasının əsas prioritetlərindən biri ordunun qüdrətinin və hərbi potensialının davamlı olaraq yüksəldilməsidir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, şəhər və kəndlərin salınması, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışı strateji vəzifə olaraq davam edir. Ölkənin iqtisadi imkanlarından maksimum istifadə etməklə cəmiyyətin rifahının yüksəldilməsi və insan kapitalının inkişafı təmin olunur.
Müşavirədə sosial-iqtisadi sahədə əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən, mənəvi dəyərlərin qorunmasından, ideoloji işin düzgün qurulmasından və bu istiqamətdə aidiyyəti qurumların qarşısında duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, müasir dövrdə ideoloji təhdidlər sərhəd tanımır, buna görə də ölkəmizin xaricdən yönələn ideoloji təxribatlardan qorunması üçün fiziki təhlükəsizliklə yanaşı, yüksək təhsil səviyyəsi və güclü vətənpərvərlik ruhu vacibdir. Ölkə daxilində sabitlik və əmin-amanlıq təmin olunub, xaricdən gələn ideoloji təzyiqlərə isə qətiyyətlə cavab verilir, qabaqlayıcı təhlükəsizlik tədbirləri davamlı görülür.
Çıxış edənlər qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər.






















