Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda orta aylıq əməkhaqqının 4 min manatı keçdiyi iki sahə olub.
1xeber.media yeniavaz.com-a istinadla xəbər verir ki, mədənçıxarma sənayesinə xidmətlərin göstərilməsi sahəsində 8 min 659 nəfər çalışır və onların orta aylıq əməkhaqqı 5 min 369 manat təşkil edir.
Bundan başqa xam neft və təbii qaz hasilatı sahəsində isə 18 min 116 nəfər işləyir və onların orta aylıq əməkhaqqı 4 min 506,7 manat olub.
Orta aylıq əməkhaqqının 3 min manatdan çox olduğu sahələrdə ümumilikdə 81 min 478 nəfər çalışır. Bu qrupa aşağıdakı sahələr daxildir:
Maliyyə fəaliyyəti – 38 min 70 nəfər (orta aylıq əməkhaqqı 3 116,3 manat);
Sığorta, təkrar sığorta və pensiya təminatı – 3 min 924 nəfər (3 474 manat);
Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə – 11 min 848 nəfər (3 827,9 manat);
Qumar oyunlarının təşkili və mərclərin qəbulu – 861 nəfər (3 203,6 manat).
Orta aylıq əməkhaqqının 2 min manatdan çox olduğu 17 sahədə isə ümumilikdə 155 min 125 nəfər çalışır.
Ən aşağı əməkhaqqı hansı sahələrdədir?
Ən aşağı orta aylıq əməkhaqqı mebel istehsalı sahəsində qeydə alınıb. Bu sahədə çalışan 8 min 532 nəfərin orta aylıq əməkhaqqı 502,8 manatdır.
Geyim istehsalı sahəsində 5 min 277 nəfər çalışır və orta aylıq əməkhaqqı 510,4 manat təşkil edir. Çirkli suların yığılması və emalı sahəsində çalışan 1 162 nəfərin orta aylıq əməkhaqqı 514,4 manatdır.
Orta aylıq əməkhaqqının 600 manatdan aşağı olduğu sahələrdə ümumilikdə 52 min 567 nəfər çalışır.
Əməkhaqqının 700 manatdan aşağı olduğu sahələrdə çalışanların sayı 370 min 780 nəfərə çatır. Bu göstəriciyə ən çox təsir edən sahə pərakəndə ticarətdir. Həmin sahədə 239 min 283 nəfər çalışır və orta aylıq əməkhaqqı 659,9 manatdır.
İçki və yeməklərin satışı ilə əlaqədar xidmətlər sahəsində 72 min 536 nəfər çalışır. Burada orta aylıq əməkhaqqı 657,7 manatdır.
Orta aylıq əməkhaqqının 800 manatdan aşağı olduğu 19 sahədə isə ümumilikdə 515 min 320 nəfər çalışır.
Beləliklə, 1 milyon 30 min 594 nəfərin çalışdığı sahələrdə orta aylıq əməkhaqqı 1 000 manatdan aşağı, 601 min 694 nəfər nəfərin çalışdığıl sahələrdə 1 000–2 000 manat arasında, 155 min 125 nəfərin çalışdığı sahələrdə isə 2 000 manatdan yuxarı orta aylıq əməkhaqqı olub.
Onu da bildirək ki, ölkə iqtisadiyyatında ümumilikdə 1 milyon 787 min 413 nəfər muzdla çalışan işçi var və onların orta aylıq əməkhaqqı 1 174,4 manat təşkil edib.















