ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putini “humanist” adlandırması Vaşinqtonun Moskva ilə münasibətləri yaxşılaşdırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
1xeber.media xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti keçmiş ABŞ rəsmilərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Uitkoffun açıqlaması Ukraynada və onun tərəfdarları arasında təəccüb doğurub. Bununla belə, Rusiya istiqamətində onun fəaliyyətini izləyən şəxslər bu sözləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının Moskva ilə münasibətləri yumşaltmaq və iqtisadi əlaqələri inkişaf etdirmək strategiyasına uyğun hesab edirlər.
Uitkoff bu fikirləri Rusiyanın 2022-ci ildə saxlanılmış 74 yaşlı ABŞ vətəndaşı Stiven Hubbardı azad etməsi fonunda səsləndirib.
ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya məsələləri üzrə keçmiş yüksək vəzifəli əməkdaşı Tomas Qrem bildirib ki, Vaşinqtonun yanaşması təzyiq göstərməklə yanaşı, əməkdaşlıq üçün stimullar təklif etməyə əsaslanır.
“Administrasiya və Uitkoff hesab edirlər ki, təzyiq göstərmək, eyni zamanda stimullar da təklif etmək lazımdır”, – deyə Qrem bildirib.
Onun sözlərinə görə, bu yanaşma daha geniş strategiyanın bir hissəsidir. Strategiyanın nəticəsinin isə onun konkret detallarından asılı olacağı gözlənilir.
Xatırladaq ki, Uitkoff daha əvvəl Putin haqqında danışarkən ABŞ liderinin tez-tez humanist adlandırıldığını qeyd edib və Rusiya prezidentinin də bu xüsusiyyətə malik olduğunu bildirib. O, Putinə müraciətlə ona hörmət etdiyini ifadə edib.















