İctimai nəqliyyatda brutto-müqavilə modelinə keçid sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsinə, avtobusların hərəkət intervalının qısaldılmasına və şəhərətrafı marşrutların fəaliyyətinin daha dayanıqlı təşkilinə imkan verəcək.
1xeber.media xəbər verir ki, yeni modelə əsasən, sərnişindaşıma şirkətlərinin gəliri təkcə daşıdıqları sərnişinlərin sayından asılı olmayacaq. Dövlət tərəfindən subsidiya ayrılması və brutto-müqavilə mexanizminin tətbiqi ilə daşıyıcılara göstərdikləri xidmətə görə ödəniş ediləcək. Bu zaman avtobusların qət etdiyi məsafə, hərəkət qrafikinə riayət olunması və xidmətin keyfiyyəti əsas meyarlar olacaq.
AYNA-nın məlumatına görə, modelin əsas üstünlüklərindən biri sərnişin sayının az olduğu saatlarda, eləcə də şəhərətrafı istiqamətlərdə avtobusların fəaliyyətinin davamlılığını təmin etməkdir. Beləliklə, daşıyıcılar yalnız sərnişin tələbatının yüksək olduğu marşrutlara deyil, digər istiqamətlərə də xidmət göstərmək imkanı əldə edəcəklər.
Dəyişikliyin sərnişinlər üçün daha çox avtobusun xəttə buraxılması, hərəkət intervallarının qısaldılması, sıxlığın azaldılması və marşrutların iş saatlarının uzadılması kimi üstünlüklər yaradacağı gözlənilir. Həmçinin şəhərdaxili və şəhərətrafı marşrutlarda müasir, kondisionerli avtobusların sayının artırılması nəzərdə tutulur.
Yeni mexanizmin daşıyıcıların gəlirlərini sabitləşdirəcəyi, bunun da avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə investisiya imkanlarını genişləndirəcəyi bildirilir. Müasir avtobusların sayının artmasının şəhərin ekoloji vəziyyətinə də müsbət təsir göstərəcəyi qeyd olunur.
Bundan əlavə, gələcəkdə sərnişinlər üçün daha rahat ödəniş imkanlarının yaradılması planlaşdırılır. Bu çərçivədə müəyyən müddət ərzində bir gediş haqqı ilə bir neçə nəqliyyat vasitəsindən istifadə, eləcə də aylıq və illik nəqliyyat paketlərinin tətbiqi nəzərdə tutulur.















