Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Khanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
1xeber.media xəbər verir ki,görüş zamanı Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan islahatlar barədə geniş məlumat verib.
Ombudsman beynəlxalq təşkilatlarla, xarici ölkələrin milli insan hüquqları təsisatları, o cümlədən Pakistanın federal və regional ombudsman təsisatları ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası və Asiya Ombudsman Assosiasiyası çərçivəsində ombudsman təsisatları arasında əlaqələrin inkişafına, qarşılıqlı təcrübə mübadiləsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Səbinə Əliyeva Azərbaycan və Pakistan arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını bildirib. Qeyd olunub ki, iki ölkənin ombudsman təsisatları arasında səmərəli əməkdaşlıq əlaqələri insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinə və institusional potensialın gücləndirilməsinə əhəmiyyətli töhfə verir.
Müvəkkil Ombudsman təsisatı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi arasında insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində əməkdaşlıq münasibətlərinin yaradıldığını və uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Khan səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonaqlara təqdim edilib.
















