Bakının su və kanalizasiya problemlərindən danışarkən bir həqiqəti də etiraf etməliyik: bu gün üzləşdiyimiz çətinliklərin bir çoxu illər əvvəl buraxılmış səhvlərin, nəzarətsiz tikintilərin və şəhərsalma məsuliyyətsizliyinin nəticəsidir.
1xeber.media xatırladır ki,vaxtilə hansı əsasla və kimin razılığı ilə tikildiyi sual doğuran evlər, süni şəkildə qurudulmuş göllərin və su hövzələrinin yerində ucaldılan yaşayış massivləri, magistral kommunikasiya xətlərinin yaxınlığında salınan obyektlər… Bir vaxtlar torpaq sahələrini bölüşdürənlər, tikintilərə göz yumanlar, qanunsuzluqları görməzliyə vuranlar, iddialara görə, bəzi hallarda şəxsi maraqlar naminə buna şərait yaradanlar bu gün ortada yoxdur. Amma onların qoyub getdiyi problemlər hələ də şəhərin çiyinlərindədir.
Yağış yağır, küçələr gölməçəyə çevrilir. Su təsərrüfatı əməkdaşları saatlarla, günlərlə fəsadların aradan qaldırılması üçün çalışırlar. Lakin kanalizasiya infrastrukturu olmayan, təbii su axını pozulmuş, drenaj imkanları məhdudlaşdırılmış ərazilərdə problemi təkcə nasosla, texnika ilə, yaxud bir neçə günlük təmir işi ilə həll etmək mümkün deyil. Çünki bəzən söhbət sadəcə nasazlıqdan yox, illər əvvəl yanlış salınmış şəhərsalma sistemindən gedir.
Sonra nə baş verir? Su basır, narazılıq artır, kameralar işə düşür, hərə əlinə bir telefon götürüb Tik-Tok videoları çəkir və ilk ittiham ünvanı ADSEA olur.
Əlbəttə, vətəndaşın narazılığını bildirmək hüququ var. Dövlət qurumlarının da vəzifəsi yaranmış problemləri aradan qaldırmaq, xidmətlərin keyfiyyətini yüksəltmək və insanlara aydın məlumat verməkdir. Təmir-bərpa işləri zamanı suyun müvəqqəti dayandırılması da haqlı narahatlıq yarada bilər. Ancaq ədalətli yanaşma tələb edir ki, bugünkü çətinliyin səbəbləri də obyektiv qiymətləndirilsin.
Bir sual verək: vaxtilə su və kanalizasiya infrastrukturu olmayan ərazidə ev tikdirərkən, torpaq sahəsini alarkən, magistral xətlərin yaxınlığında obyekt ucaldarkən sabah hansı problemlərlə üzləşəcəyimizi niyə düşünmədik? Tikintinin qanuniliyi, kommunikasiya xətlərinin mövcudluğu, yağış sularının axıdılması və ərazinin təhlükəsizliyi ilə bağlı sualları niyə vaxtında vermədik?
Əgər qanunsuz tikintilərə kimlərsə göz yumubsa, əgər qanunun tələbləri şəxsi maraqlar və mümkün korrupsiya halları naminə pozulubsa, bu faktlar araşdırılmalı, məsul şəxslər müəyyən edilməlidir. Çünki qanunsuz tikintiyə vaxtında mane olmamaq sonradan bütöv bir ərazinin su, kanalizasiya və drenaj probleminə məhkum edilməsi deməkdir.
Bu gün nəticə ilə mübarizə aparan qurumdan sabahın bütün problemlərini bir gündə həll etməyi tələb etmək asandır. Çətin olan isə həmin problemlərin necə və kimlərin məsuliyyətsizliyi nəticəsində yarandığını etiraf etməkdir.
Bakının su təsərrüfatı problemlərinin həlli yalnız boruların dəyişdirilməsindən, xətlərin təmirindən və yeni qurğuların tikilməsindən ibarət deyil. Bunun üçün qanunsuz tikintilərə qarşı ardıcıl nəzarət, şəhərsalma intizamı, mövcud infrastrukturun qorunması, kanalizasiya və drenaj sistemlərinin genişləndirilməsi, eləcə də aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyət lazımdır.
Unutmayaq: qanunsuz tikintiyə vaxtında verilən bir “yox” gələcəkdə yüzlərlə ailənin su basmış küçələrdən, kanalizasiya qoxusundan və kommunikasiya problemlərindən qorunması deməkdir.
Dövlət qurumlarından tələb edək, tənqid edək, hesabat istəyək. Amma gəlin, dünənin məsuliyyətsizliyini bu günün zəhməti ilə aradan qaldırmağa çalışanların əməyini də görməzdən gəlməyək.
Çünki problemi yaradanla onun fəsadını aradan qaldırmağa çalışanı eyni tərəziyə qoymaq ədalət deyil.















