Xəbər verdiyimiz kimi, Bakıda kütləvi dava baş verib. Ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.
1xeber.media xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Arzuxan Əlizadənin ailəsi ilə bağlı baş verən hadisə ilə bağlı Elchi.az-a açıqlama verib.
Qüdrət Həsənquliyev Arzuxan Əlizadəni Xalq Hərəkatı dövründən, tələbəlik illərindən tanıdığını qeyd edib. O, Arzuxan bəyi vicdanlı, xalqını sevən və xalqının xoşbəxt gələcəyi uğrunda mübarizə aparan şəxs kimi xarakterizə edib.
Deputatın sözlərinə görə, valideynlər övladlarının əməllərinə görə mənəvi məsuliyyət daşısalar da, onların formalaşmasında cəmiyyətin, dostların və yaşadıqları mühitin də ciddi rolu var. Bəzən uşaqlar müxtəlif səbəblərdən düşdükləri mühitin təsirinə daha çox məruz qalır, qarşılaşdıqları uğursuz hadisələr isə həyatlarını tamamilə dəyişə bilir
Qüdrət Həsənquliyev hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlaması gözlənilmədən hər hansı şəxsin qətldə ittiham edilməsini yanlış hesab edib.
“Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının açıqlamasını gözləmədən Əhmədi qətl törətməkdə ittiham etmək böyük yanlışlıqdır”, – deputat vurğulayıb.
O, cinayət hüququnda “icraçının ekstsessi” anlayışının olduğunu xatırladaraq bildirib ki, cinayətin iştirakçılarından biri ümumi qəsddən kənara çıxan əməl törədərsə, digər iştirakçılar həmin əmələ görə məsuliyyət daşımırlar.
Millət vəkili Daxili İşlər Nazirliyində təcrübəli əməliyyatçıların, prokurorluqda isə savadlı müstəntiqlərin çalışdığını qeyd edərək, hadisənin obyektiv araşdırılacağına inandığını bildirib. Onun fikrincə, hər kəsin əməli cinayət qanunvericiliyinə uyğun qiymətləndirilməli və şəxslər iştirak dərəcələrinə uyğun cəza almalıdırlar.
Deputat Azərbaycanda qan qisası zəminində qətl hadisələrinin nadir hallarda baş verməsini müsbət hal kimi dəyərləndirib. O, bunun əsas səbəblərindən birinin ölüm işləri üzrə məhkəmələrdə ədalətli qərarların çıxarılması olduğunu bildirib. Qüdrət Həsənquliyev belə işlərdə dövlət ittihamını müdafiə edən prokurorluğun prinsipial mövqeyini də xüsusi vurğulayıb.
ƏHD Partiyasının sədri Arzuxan Əlizadəyə və qətl hadisəsində həyatını itirən şəxsin ailə üzvlərinə səbir diləyib. O, bu cür hadisələrin dünyanın tanınmış şəxslərinin də ailələrində yaşandığını xatırladaraq ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanteri əfv etməsi ilə bağlı nümunə gətirib.
Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycana qarşı mövqeyinə və Ukraynaya qarşı müharibənin dayandırılmamasına görə Co Baydenə münasibəti tənqidi olsa da, onun oğlunu əfv etməsini müsbət qiymətləndirib.
Deputatın sözlərinə görə, Bayden əfv qərarını oğlunun prezidentin övladı olduğuna görə fərqli rəftara məruz qala biləcəyi ehtimalı ilə əsaslandırmışdı. Qüdrət Həsənquliyev qeyd edib ki, Hanter Bayden şəxsiyyət əleyhinə cinayət törətməsə də, ailə üzvlərinin ən çətin anlarda bir-birinə dəstək olması vacibdir.
“Amma ailə ona görə ailə sayılır ki, ailə üzvləri ən çətin anlarda bir-birinin yanında olsun. Güclü ailə, güclü dövlət deməkdir”, – deputat bildirib.
Qüdrət Həsənquliyev sonda Arzuxan Əlizadənin deputat olması səbəbindən cəmiyyət tərəfindən istintaq orqanlarına təzyiq göstərilməməsinin vacibliyini vurğulayıb. O, cinayət işinin obyektiv araşdırılmasını və hadisədə iştirak edən hər kəsin əməlinə hüquqi qiymət verilməsini arzuladığını qeyd edib.














