1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin ölkə ərazisindəki bölgələrə “Storm Shadow” qanadlı raketləri ilə zərbə endirməyə cəhd etdiyini açıqlayıb.
Nazirliyin gündəlik məlumatına görə, Rusiya hava hücumundan müdafiə qüvvələri hücum zamanı buraxılan iki raketi ələ keçirib. Həmçinin Rusiya hərbçilərinin 581 pilotsuz uçuş aparatını vurduğu iddia edilib.
Qeyd edək ki, oktyabrın 26-na keçən gecə Voronej vilayəti də hücuma məruz qalıb. Rusiya rəsmilərinin məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, daha 17 nəfər yaralanıb.
Yerli hakimiyyət orqanları yaralıların əksəriyyətinin Voronej şəhərinin sol sahilində şəhərətrafı istiqamətdə hərəkət edən qatarda olan sərnişinlər olduğunu bildirib.
Raketlərin ələ keçirilməsi və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Məlumatlar Ukrayna tərəfinin təqdim etdiyi açıqlama ilə təsdiqlənməyib.















