1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini və Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə görüşün yaxın vaxtlarda təşkil oluna biləcəyini bildirib.
Tramp bu barədə Merilend ştatındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, Rusiya və Ukrayna ilə bağlı məsələdə ciddi irəliləyiş olduğunu vurğulayıb.
ABŞ liderindən görüşdə kimlərin iştirak edəcəyi soruşulduqda, o, Putin və Zelenskinin adlarını çəkib. Tramp görüşün çox yaxın zamanda təşkil olunacağını gözlədiyini bildirib.
Bununla belə, görüşün dəqiq tarixi və keçiriləcəyi yer açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Zelenski arasında birbaşa təmasın yalnız danışıqlar prosesi başa çatdıqdan sonra mümkün ola biləcəyini bildirmişdi.
















