Baş Dövlət Yol Polisi İdarəsi elektroskuter istifadəçilərinə müraciət edib.
1xeber.media xəbər verir ki, müraciətdə son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müşahidə olunduğu bildirilib.
“Xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.
Baş Dövlət Yol Polisi İdarəsi elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır.
Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır”, - müraciətdə vurğulanıb.
















