Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.
O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalmasının əks olunduğu görüntülərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.
"Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir".
Qeyd edək ki, yayılan görüntülər Paytaxtın Badamdar qəsəbəsində yerləşən "EOS uşaq inkişaf mərkəzi"ndəndir. Valideynlərin iddiasına görə, uşaqlara qarşı zorakılıq edən şəxs bağçanın direktorudur.
















