“Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyev Administrasiyanın keçmiş şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan çox böyük fiqur idi. Mehdiyev haqqında qaldırılan cinayət işi daha böyük maddələr əsasında idi. Vətənə xəyanət, dövlət çevrilişinə cəhd, hakimiyyəti zorla ələ almaq, korrupsiya... Bunların ən azından ikisində ömürlük həbs cəzası var idi. Amma Mehdiyevə 14 il şərti azadlıqdan məhrumetmə cəzası verdilər. Mənə görə, Mehdiyev cəza almadı. Evində oturacaq, adında da şərti cəza var. Heç məntəqə tipli də cəza verilmədi. Mehdiyevin ətrafında baş verənləri analiz edəndə Əli Həsənova heç nə olmayacağını, ümumiyyətlə, proseslərə cəlb olunmayacağını düşünürəm...”
1xeber.media xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
“Xalqı burada maraqlandıran bir məsələ var - onların xalqdan oğurladıqları xalqa geri qaytarılacaqmı? Guya Mehdiyev və Həsənov həbsdə olsalar, nə olacaq, olmasalar, nə olacaq? Bunun xalq, millət üçün heç bir faydası yoxdur. Mehdiyev və Həsənov həbs olunsalar belə, hətta əmlakları müsadirə olunsa belə, sonra hansısa yolla əmlakları geri qaytarılır. Buna görə də bu proses xalqa o qədər də maraqlı deyil”, - T.Abbaslı bildirib

















