Xəstəxana qapısından girən kimi başlayan "təzyiq": Müalicə yoxsa müflisləşmə?Bu gün özəl klinikaların qapısından içəri addım atanda adamın təzyiqi xəstəlikdən yox, elə qeydiyyat şöbəsindəki qiymət cədvəlini görəndə qalxır. İçəri girən kimi səni elə bir gülərüzlə, elə bir nəzakətlə qarşılayırlar ki, elə bilirsən illərdir yolunu gözlədikləri ən əziz qonaqsan. Amma təbəssümlərin arxasındakı o "kassa aparatı" səsi qulağına çatanda başa düşürsən ki, burada sənə xəstə kimi yox, yeriyən bir "POS-terminal" kimi baxırlar.
Vəziyyət o həddə çatıb ki, adam klinikada dərindən nəfəs almağa da qorxur. Çünki hər an qarşına bir tibb bacısı çıxıb, əlindəki qəbzi uzada bilər: "Bağışlayın, bayaq foyedə iki dəfə dərindən oksigen qəbul etdiniz, bu da 'təmiz hava xidməti' kimi çekə əlavə olunub".
Zarafat bir yana, bu gün özəl səhiyyə sektorundakı qiymətlər artıq sağlam məntiqin sərhədlərini çoxdan aşıb. Həkimin kabinetinə girib sadəcə "Salam, doktor" deməyin özü bir sərvətdir. Hələ o "salam"dan sonra başlayan analizlər silsiləsini demirəm. Başın ağrıyır, amma səni elə bir siyahı ilə laboratoriyaya göndərirlər ki, elə bil kosmosa uçuşa hazırlanırsan. Qan analizi, sidik analizi, MRT, KT, USM... Hər birinin də qiyməti elədir ki, nəticələr çıxana qədər adamın ürəyi dözmür, bu dəfə də kardioloqun qəbuluna yazılmalı olursan. Qısası, bir dərddən qurtulmaq üçün girirsən, beş yeni dərddən — ən əsası isə "cib xərçəngindən" əziyyət çəkərək çıxırsan.
Ən maraqlısı isə odur ki, bu qiymətlərin qarşılığında verilən zəmanət sıfıra bərabərdir. Restorana gedəndə yemək dadlı olmasa, etiraz edirsən. Mağazadan aldığın paltar cırıq çıxsa, qaytarırsan. Amma özəl klinikada yüzlərlə manat töküb müalicə olunursan, sağalmayanda da sənə deyirlər ki, "orqanizm fərqlidir, bir kurs da yazmalıyıq". Yəni, sənin sağalmağın onların biznes planına heç də həmişə uyğun gəlmir. Çünki tam sağalan pasiyent itirilmiş müştəri deməkdir.
Əlbəttə, kimsə deyə bilər ki, özəl sektordur, bazar iqtisadiyyatıdır, baha olar. Razıyam, keyfiyyətli avadanlıq, peşəkar həkim, rahat şərait xərc tələb edir. Amma bazar iqtisadiyyatı insanların çarəsizliyindən sui-istifadə etmək demək deyil. Sağlamlıq lüks avtomobil və ya brend çanta deyil ki, pulu olan alsın, olmayan kənardan baxsın. İnsan canı hayında olanda evindəki son əşyasını da satıb o qapıya gəlir. Bu çarəsizliyi "biznes fürsəti"nə çevirmək nə tibbi etikaya sığır, nə də insanlığa.
Görünən odur ki, bu gedişlə yaxın gələcəkdə özəl klinikaların girişində belə bir lövhə asılacaq: "Xəstələnmək sizdən, müflis etmək bizdən". O vaxta qədər isə çalışın xəstələnməyin. Çünki indi ölmək də, sağalmaq da çox bahadır...
Aidə Tofiqqızı
1xeber.media
















