"İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır. Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir".
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır: "2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. 2019-cu ilin əvvəlindən bəri qeyri-neft-qaz özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı isə 2 dəfədən çox (541 min artım) artıb və hazırda ümumi əmək müqavilələrinin 57 faizi bu sektorun payına düşür. Təkcə cari ilin 10 ayında sektorda əmək müqavilələrinin sayı 49 minədək artıb. Əmək bazarının şəffaflaşması şəraitində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 10 ayında 20 faizə enib. 8 il öncə biz vergi islahatı paketini təqdim edərkən, məhz bu nəticələri proqnozlaşdırırdıq".
















