Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya Donbas əraziləri müqabilində NATO üzvlüyü təklif etməsi ilə bağlı iddiaları şərh etməkdən imtina edib.
1xeber.media xəbər verir ki, bu barədə Peskov noyabrın 16-da jurnalistlərin suallarını cavablandırarkən bildirib. Söhbət Ukrayna Prezidenti Volodimir Zelenskinin belə bir təklifin ona verildiyi barədə açıqlamasından gedir.
Kremlin sözçüsü Moskva ilə Vaşinqton arasında aparılan danışıqların təfərrüatlarının açıqlanmasını məqsədəuyğun hesab etmədiklərini vurğulayıb.
"Biz Rusiya ilə ABŞ arasında keçirilən müzakirələrin təfərrüatlarını açıqlamağın məqsədəuyğun olmadığı barədə əvvəlki mövqeyimizi qoruyuruq", – deyə Peskov bildirib.
O, bu məsələnin Rusiyada amerikalı danışıqlar nümayəndələri ilə keçirilən təmaslarda müzakirə olunub-olunmadığı və Moskvanın belə bir təşəbbüsə münasibəti ilə bağlı sualı da cavabsız qoyub.
Peskov əlavə edib ki, Vaşinqtonla aparılan qapalı danışıqların məzmununun açıqlanması nəzərdə tutulmur. Onun sözlərinə görə, bu yanaşma nizamlanma prosesinin davam etdirilməsi baxımından vacibdir.

















