Avropa liderləri Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti danışıqlar raundunun Avropa ərazisində keçirilməsini təklif edirlər.
1xeber.media xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, görüşün keçiriləcəyi mümkün məkanlar arasında İsveçrənin Cenevrə şəhəri, Norveç və Türkiyənin Avropa hissəsi nəzərdən keçirilir.
Məlumata əsasən, Avropa müttəfiqləri ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin yaxın vaxtlarda həlli istiqamətində addımlar atmaq niyyətinə dair bəyanatlarını nəzərə alıblar. Onlar bu prosesə mane olmaq istəmirlər və mümkün təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazırdırlar.
Bununla yanaşı, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirir və Ukraynanın NATO-ya üzvlüyündən fərqli təhlükəsizlik təminatı mexanizmləri üzərində düşünür.
Nəşrin yazdığına görə, müzakirə olunan ehtimallardan biri Ukrayna ərazisində Avropadan kənar ölkələrin hərbçilərindən ibarət beynəlxalq kontingentin yerləşdirilməsidir.
Bu ssenariyə əsasən, “İstəkli ölkələr koalisiyası” Ukraynadan kənardakı sərhədlərə nəzarət edəcək, NATO isə peyk imkanlarından istifadə etməklə monitorinq mexanizmini həyata keçirəcək.
Qəzet qeyd edir ki, təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar mürəkkəb olacaq və uzun müddət tələb edə bilər.
















