Rusiya və Çin beynəlxalq hesablaşmalarda ABŞ dollarından asılılığı azaltmaq və alternativ maliyyə sistemi yaratmaq istiqamətində səylərini gücləndirir.
1xeber.media xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Rusiya və tərəfdaşları milli valyutalarla hesablaşmaları genişləndirir, həmçinin SWIFT sisteminə alternativ ödəniş mexanizmlərini inkişaf etdirirlər.
Rəqəmsal valyutalar və elektron ödəniş sistemləri sahəsində yeniliklərin digər valyutaların beynəlxalq hesablaşmalarda rəqabət imkanlarını artıracağı bildirilir. Belə ki, valyutaların birbaşa mübadiləsi dollar vasitəsilə konvertasiya ilə müqayisədə daha asan və ucuz başa gələ bilər.
Məlumata görə, 2000-ci ildən etibarən mərkəzi bankların beynəlxalq ehtiyatlarında dolların payı 71 faizdən 57 faizə qədər azalıb.
Bununla yanaşı, ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 2002-ci ildən bəri ən yüksək səviyyəyə – 5,3 faizə çatıb. Ölkənin federal borcu isə 40 trilyon dolları, yəni ABŞ-ın ümumi daxili məhsulunun təxminən 125 faizini ötüb.
Məqalə müəlliflərinin fikrincə, bu qədər yüksək dövlət borcu adətən inflyasiya, borca xidmət xərclərinin artması və milli valyutanın dəyərdən düşməsi risklərini artırır.
Beləliklə, Rusiya və Çinin milli valyutalarla hesablaşmaları genişləndirmək təşəbbüsləri beynəlxalq maliyyə sistemində dolların mövqeyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
















