“Paşinyan heç nəyi elə-belə etmir, bananla da diqqəti özünə cəlb etməyi bacardı”.Bu sözləri psixoloq Azad İsazadə açıqlamasında deyib.
Psixoloq Ermənistanın baş naziri Nikol Paşinyanın bananla bağlı sosial şəbəkə paylaşımlarını populist davranış və ictimai diqqəti cəlb etmək cəhdi kimi qiymətləndirib:
"Paşinyan baş nazir olmazdan əvvəl də kifayət qədər tanınmış bloqer olub və sosial şəbəkələrdən, xüsusilə də Facebook-dan fəal istifadə edib. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsində də sosial şəbəkələrin, xüsusilə Facebook-un mühüm rolu olub. Ümumiyyətlə, biz başa düşürük ki, Paşinyan populist hərəkətlər etməyi xoşlayır. Bəzən belə davranışlar ciddi insanlar üçün gülünc görünə bilər. Amma nəticədə görürük ki, əhali bu populist hərəkətlərə reaksiya verir. Hesab edirəm ki, bir qədər gülməli, zarafat xarakterli hərəkət onun populyarlığını artıra bilər. Bizim üçün bu cür populyarlıq bir qədər gülünc görünə bilər. Amma reallıq göstərir ki, Paşinyan kifayət qədər aktivdir və istədiyi nəticəni əldə edə bilir”.
Azad İsazadə hesab edir ki, belə davranışların ictimai simpatiya yaradıb-yaratmaması cəmiyyətdən asılıdır. Eyni hərəkət müxtəlif cəmiyyətlərdə fərqli reaksiyalar doğura bilər: “Belə davranışlar nüfuzlu bir dövlət rəhbərinin imicinə xələl gətirə də bilər, ictimai simpatiya da yarada bilər. Eyni hərəkət müxtəlif cəmiyyətlərdə fərqli qarşılanır. Şəxsən məndə bu, müsbət deyil, neqativ reaksiya yaradardı. Amma yəqin ki, Paşinyan öz cəmiyyətini daha yaxşı tanıyır, onun nəyə necə reaksiya verdiyini bilir. Düşünür ki, bu cür addımlar ictimaiyyətdə müsbət emosiyalar yaradır. Bunun nə dərəcədə doğru, yaxud yanlış olduğunu isə gələcək göstərəcək. Mənim üçün dövlət başçısının belə hərəkətləri bir qədər şit görünür. Amma istisna etmirəm ki, o, gənc auditoriyanın düşüncə tərzini daha yaxşı hiss edir və bu cür davranışların həmin auditoriya üçün daha cəlbedici olduğunu düşünür”.
Ekspert müasir siyasətdə liderlərin davranış üslubunun dəyişdiyini, zarafat və qeyri-rəsmi ünsiyyətin siyasi kommunikasiya vasitəsinə çevrildiyini də vurğulayıb. Onun sözlərinə görə, bu baxımdan Paşinyanın davranışları dünya siyasətində müşahidə olunan ümumi tendensiyadan kənar deyil:
“Belə bir fikir var ki, dünyada bütün səfeh hərəkətləri ciddi sifətlə, ağıllı hərəkətləri isə gülə-gülə, zarafatla ediblər. Demirəm ki, bu fikir tamamilə doğrudur, yaxud yanlışdır. Amma belə bir ifadə var. İndi digər siyasətçilərə baxsaq, Donald Trampın hərəkətləri də Paşinyanın davranışlarından o qədər fərqlənmir. Zarafat edən, qeyri-ciddi ifadələr işlədən siyasətçilər indi az deyil. Elə Zelenski də vaxtilə KVN-dən gəlib, Tramp isə şou-biznesdən siyasətə keçib. Onun ABŞ-da uzun illər məşhur olan televiziya şousu da var idi. Digər tərəfdən, özünü həddindən artıq ciddi və ağır aparan Putinin timsalında da görürük ki, bu cür davranış mütləq güc və üstünlük nümayiş etdirmək demək deyil. Reallıqda o, öz zəifliyini də nümayiş etdirə bilir. Bu baxımdan başa düşməliyik ki, müasir siyasətdə davranış qaydaları dəyişib. Biz bu dəyişiklikləri qəbul edirik. Bəzilərimizin xoşuna gəlir, bəzilərimizin isə yox. Amma belə yarızarafat, rusların ifadəsi ilə desək, “prikol” xarakterli hərəkətlərə bugünkü siyasətdə tez-tez rast gəlirik”.
Ekspert bananla bağlı paylaşımların Ermənistan müxalifətinə ünvanlanan mesaj olması ehtimalını da istisna etməyib:
“Bəziləri deyir ki, Paşinyan əslində banan vasitəsilə müxalifətə hansısa mesaj vermək istəyir. Ola bilər, hər şey mümkündür. Müxtəlif versiyalar var. Amma konkret məqsədin nə olduğunu demək çox çətindir. Əsas odur ki, o, bir bananla diqqəti özünə cəlb etməyi bacardı. İstər Ermənistan daxilində, istərsə də dünya miqyasında siyasətlə maraqlanan insanların diqqətini çəkdi. Heç kim zəmanət verə bilməz ki, hamı bu paylaşımlara müsbət reaksiya verib. Amma başa düşməliyik ki, Paşinyan heç nəyi elə-belə etmir. Xüsusilə də sosial şəbəkədə paylaşım edəndə, foto və ya video yayımlayanda konkret hansısa məqsəd güdür”.musavat.com
















