Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) və Çinin Yunze Capital şirkəti Rusiya ilə Çin arasında sənaye əməkdaşlığının inkişafı məqsədilə uzunmüddətli strateji investisiya tərəfdaşlığı qurmaq barədə razılığa gəliblər.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, RBİF-in rəhbəri Kirill Dmitriyev məlumat verib.
Onun sözlərinə görə, razılaşma Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində əldə olunub.
Dmitriyev bildirib ki, tərəflər iki ölkənin şirkətlərinin investisiyalarını, texnologiyalarını və təcrübələrini birləşdirərək birgə istehsal müəssisələrinin yaradılmasını və yeni bazarlara çıxışı hədəfləyirlər.
“Biz birgə istehsalın inkişafı və yeni bazarlara çıxmaq üçün iki ölkənin şirkətlərinin investisiyalarını, texnologiyalarını və səriştələrini birləşdiririk”, – deyə o, MAX platformasında yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən APEC sammitində işgüzar proqramına başlayacaq. Çərşənbə günü dövlət başçılarının biznes sammitində çıxışları, noyabrın 19-da isə APEC liderlərinin plenar iclası nəzərdə tutulub.
Yeni razılaşmanın Rusiya və Çin arasında sənaye, investisiya və texnoloji əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyi gözlənilir.
















