-
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla bağlı mövqeyindən narazılığını getdikcə daha çox ifadə etməyə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 18-də “The New York Times” (NYT) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp əvvəlcə Vensin İranla müharibənin Respublikaçılar Partiyasının aralıq seçkilərindəki uğursuz nəticələrinə təsiri ilə bağlı təhlilinə ciddi reaksiya verməyib. Lakin son iki həftə ərzində ABŞ prezidenti vitse-prezidentin bu məsələyə yanaşmasından narazılığını daha açıq şəkildə göstərməyə başlayıb.
Qəzetin mənbələri bildirir ki, Trampı narazı salan əsas məqam Vensin İrana qarşı hərbi əməliyyatların başlanmasını dəstəkləməməsi və münaqişənin Respublikaçıların seçkilərdəki uğursuzluğu ilə əlaqəli olduğunu bildirməsidir.
Məlumata görə, Vens ABŞ prezidentinin mümkün varislərindən biri kimi nəzərdən keçirilir. Bu səbəbdən onun İranla bağlı mövqeyi Vaşinqtonda siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib.
Qeyd edək ki, ABŞ-da İranla bağlı hərbi qərarlar və onların daxili siyasətə təsiri Respublikaçılar Partiyası daxilində də fikir ayrılıqlarına səbəb olur.
















